Noyabrın 21-də Azərbaycan Texniki
Universitetində (AzTU) “BOSSON” MMC-nin
baş meneceri Nadir Kazımov universitetin 3-4-cü kurs tələbələri ilə görüşüb.
Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan
iqtisadiyyatının mövcud vəziyyətinə diqqət çəkərək bildirib ki, dinamik və
dayanıqlı iqtisadiyyat yaratmaq üçün kiçik və orta sahibkarlığın inkişaf
etdirilməsi vacibdir. Prorektor vurğulayıb ki,
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il Fərmanı ilə Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi təsdiq olunub: “Bu sahənin inkişafı üçün
təsdiq olunan Strateji Yol Xəritəsi milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabətin
artırılması, istehlak mallarına olan təlabatın yerli resursların hesabına ödənilməsi,
həmçinin, məşğulluğun və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət
kəsb edir”.
Azərbaycanda sahibkarlıqla məşğul olmaq üçün əlverişli
mühit yaradıldığını qeyd edən prorektor, tələbələri öz innovativ-yenilikçi
ideyalarını sahibkarlıq subyektinə çevirməyə çağırıb.
Daha sonra “BOSSON”
MMC-nin baş meneceri Nadir Kazımov tələbələrə
sahibkarlığın nə olduğu, uğurlu sahibkarlığın necə qurulması, riskin
azaldılması, həmçinin manevr etmənin praktik metodları haqqında ətraflı məlumat
verib.
Nadir Kazımov bildirib ki, sahibkarlıq fəaliyyəti də
müəllimlik, həkimlik, məmurluq, aşpazlıq və s. kimi insanın məşğul olduğu fəaliyyət
növlərindən biridir. Bildirilib ki, buna görə də, bu sahədə uğur qazanmaq üçün
sahibkar məşğul olduğu fəaliyyət növünü dərindən öyrənməlidir.
Görüşdə sual doğuran məqamlar ətrafında müzakirələr
təşkil olunub.
Qeyd edək ki, görüşün təşkilinin məqsədi tələbələrin
və gənclərin sahibkarlıq sahəsində maarifləndirilməsi və bu sahəyə yeni
ideyaların axınını təmin etməkdir.
Bosson.az